8 Noyabr – Qələbəmizin və Milli Birliyimizin Günüdür

Gündəm / Siyasət

12

8-11-2025, 13:51

8 Noyabr – Qələbəmizin və Milli Birliyimizin Günüdür

Vətən müharibəsində Azərbaycan əsgərinin nümayiş etdirdiyi sarsılmaz iradə, mərdlik və yenilməzlik bu gün gənclərimiz üçün ən yüksək nümunədir. Əsgərlərimizin yüksək döyüş ruhu, fədakarlığı və əzmkarlığı sayəsində biz 44 günlük Vətən Müharibəsində böyük Qələbə qazandıq. Vətən müharibəsində yaralanaraq qazi olan hər bir əsgərimizin yarası yalnız onun ailəsinin deyil, bütün azərbaycanlıların yarasıdır. Dövlətimiz isə hər zaman öz əsgərinin yanında olmuş, Qarabağ qazilərinə lazımi dəstək göstərmişdir. Onların məişət problemləri müntəzəm həll olunur və bu, onların haqqıdır. Çünki Azərbaycan əsgəri Vətən uğrunda canını fəda edərək qəhrəmanlıq göstərmiş, adını Azərbaycan tarixində əbədi yazdırmışdır.Vətən savaşı bir daha sübut etdi ki, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünə bilməz. Buna cəhd edən qüvvələr isə xalqımız tərəfindən birmənalı olaraq qınanır. İkinci Qarabağ müharibəsi göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqlı və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə birləşməyi tələb edir. Bu gün qürurla deyə bilərik ki, milli birlik və həmrəylik, dövlətimizin siyasi dəyəri kimi, bizim gücümüzün əsas mənbəyidir.44 günlük müharibə dövründə daxildəki həmrəylik və vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi və bəzi xarici qüvvələrin Azərbaycanda çirkin planlarını həyata keçirməsinə imkan vermədi. Müharibənin nəticələri göstərdi ki, artıq Ermənistanın işğalçılıq siyasətinə etiraz və xalqın haqq və ədalət tələbi ölkədə birləşdirici amillərdən biridir. Siyasi partiyaların birgə bəyanatlarında Ermənistanın işğalçılıq siyasəti qınanır və mülki əhaliyə qarşı həyata keçirilən terror aktlarının beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsi tələb olunur.Bütün təzyiqlərə baxmayaraq Azərbaycan Ordusu müharibəni bir gün belə dayandırmadı. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Bu, iki qardaş ölkənin dostluq və həmrəylik nümunəsi oldu. Müharibə dövründə olduğu kimi, bu gün də işğaldan azad olunmuş torpaqların bərpası və quruculuq işlərində Türkiyə və digər dost ölkələrin dəstəyi ilə yeni mərhələyə qədəm qoyulub. Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu həyata keçirən Türkiyə Prezidenti bunun canlı nümunəsi oldu. Eyni zamanda, Şuşada Azərbaycanın və Türkiyənin müttəfiqliklərini təsdiqləyən sənəd imzalanması, Qarabağımızın azad və firavan gələcəyinə işıq saldı.Azərbaycan Ordusu yalnız Ermənistan silahlı qüvvələrini deyil, həm də uzun illər boyu formalaşmış erməni mifini və təxribatlarını məhv etdi. Ordumuzun qəhrəmanlığı, peşəkarlığı və iradəsi Azərbaycan xalqının milli qürurunu daha da yüksəltdi.Sizi 8 Noyabr – Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu gün Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan qələbənin ildönümüdür. 44 günlük Vətən Müharibəsində qazandığımız bu zəfər yalnız torpaqlarımızın azad edilməsi deyil, həm də millətimizin birlik və həmrəyliyinin, xalqın iradəsinin və mübarizə ruhunun simvoludur. Şəhidlərimizin qəhrəmanlığı sayəsində biz azad Vətəndə yaşayırıq, qazilərimizin fədakarlığı isə hər birimiz üçün ilham mənbəyidir.8 Noyabr Vətənimizin gücünü, azadlığını və müstəqilliyini simvolizə edir. Qoy gələcək nəsillər də bu zəfəri yaşatsın və əsl vətənpərvərlik ruhunu qəlblərinə aşılasın.
Zəfər Bayramımız mübarək!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!

Hacı Ağa İsmayıl
Vətənpərvər insan, xeyriyyəçi iş adamı