Müstəqilliyimiz əbədidir və dönməzdir!

Gündəm / Cəmiyyət

33

10-10-2024, 13:29


Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir.

İstiqlaliyyət günümüzün ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet İmperiyasının dağılması azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycanın istiqlaliyyəti barədə qəbul edilmiş Konstutusiya Aktına əsasən həmin tarixdən başlayaraq 30 ildir ki, 18 oktyabr -- Müstəqillik Günü kimi qeyd edilir.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük sevinc hissi ilə qarşılansa da, sonrakı dövrdə baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarlar Azərbaycanı dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin itirilməsini qaçılmaz edirdi.
Fəxrlə qeyd etməliyik ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın tam müstəqil siyasət yürütməsi, beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi amillərdir. Dövlət başçısı, Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir.
Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkə rəhbəri Azərbyacanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının təsdiq etdiyi proqramlar, iqtisadi islahatlar bunun bariz nümunəsidir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın, ən əsası qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Qürur hissi ilə vurğulamaq lazımdır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məqsədyönlü fəaliyyəti sayəsində 30 ilə yaxın erməni daşnaklarının işğalı altında olan torpaqlarımız müzəffər Azərbaycan ordusu tərəfindən geri qaytarılmış, düşmənə döyüşlərdə sarsıdıcı zərbələr endirilmişdir.
Bu gün Şuşada, Zəngilanda, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.

İmanlı Elgün Akif oğlu
32 SAYLI NOTARİAT OFİSİ. Xüsusi notarius: